Ağcabədidən olan Qarabağ müharibəsi veteranları Cocuq Mərcanlıya səfər ediblər
Cəbrayıl, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun 2016-cı ilin aprel ayında qazandığı zəfərin üçüncü ildönümü münasibətilə rayonunun Cocuq Mərcanlı kəndinə səfər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının fəalları, Qarabağ müharibəsi veteranları, N saylı hərbi hissənin əsgər və zabitləri əvvəlcə Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edərək, önünə tər qərənfillər qoyub, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Sonra Cocuq Mərcanlıda Vətənimizin müdafiəsində dayanan əsgər və zabitlərlə görüş keçirilib.
Əsgərlər qarşısında çıxış edən YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi, Qarabağ müharibəsi veteranı Mehman Novruzov Ağcabədi ictimaiyyətinin salamını əsgərlərə çatdırıb, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın ordu quruculuğundan, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən silahlı qüvvələrə göstərilən diqqət və qayğıdan bəhs edib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri İsmayıl Məhərrəmov əsgərlərə xidmətlərində uğurlar, torpaqlarımızın azad edilməsi uğrunda yeni qələbələr arzulayıb.
Sonda qonaqlar tərəfindən gətirilmiş Azərbaycanın üçrəngli bayrağı hərbi hissəyə təqdim olunub, həmin bayrağın tezliklə işğaldan azad olunacaq yeni ərazilərimizdə ucaldılması arzu edilib.