REGİONLAR
Ağdamda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 702 şagird iştirak edib
![Ağdamda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 702 şagird iştirak edib](/files/2022/1/1200x630/16464854235744747273_1200x630.jpg)
Ağdam, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 5-də Ağdam rayonunda keçirdiyi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 702 şagird iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların təşkil edilməsi üçün 3 imtahan mərkəzi ayrılıb, 3 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 6 buraxılış rejimi əməkdaşı, 3 bina nümayəndəsi, 66 zal nəzarətçisi cəlb olunub.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən başa çatıb.