REGİONLAR
Ağdaşda meyvə-tərəvəz və bostan məhsullarının istehsalı artmışdır
Ağdaş, 11 oktyabr (AZƏRTAC). Ağdaş rayonunda əkinçiliklə məşğul olan fermerlər və fərdi təsərrüfat sahibləri bu il bol məhsul əldə etmişlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə Ağdaşda yazlıq və payızlıq bitkilərin əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlıq da əvvəlki illə müqayisədə xeyli artmışdır. Belə ki, 2012-ci ilin 9 ayı ərzində rayonda 15 min 908 hektar sahədən 42 min 259 ton taxıl, 1320 hektar sahədən 8562 ton qarğıdalı, 1130 hektar sahədən 2340 ton çəltik, 1186 hektar sahədən 17 min 429 ton kartof, 4369 hektar sahədən 66 min 120 ton tərəvəz, 1525 hektar sahədən 22 min 680 ton bostan məhsulları, 1010 hektar meyvə bağından 17 min 536 ton meyvə yığılmışdır.
Hazırda rayonda meyvə-tərəvəz məhsullarının yığımı davam edir. Hər il meyvə-tərəvəz məhsullarının təxminən 60 faizi Rusiya bazarlarına göndərilir, qalanı isə Ağdaşda yerli əhaliyə və ölkəmizin müxtəlif bölgələrində satılır.