Ağdaşlı fermerlər dövlət dəstəyindən yararlanaraq pambıqçılıq, taxılçılıq və çəltikçiliyi inkişaf etdirirlər
Ağdaş, 31 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda fermerlər kənd təsərrüfatının əkinçilik sahəsində əsasən pambıqçılıq, taxılçılıq və çəltikçiliyə üstünlük verirlər. Dövlət dəstəyindən bəhrələnən torpaq mülkiyyətçiləri istifadəsiz qalan boş torpaqları əkinə cəlb etməklə hər il çəltik, pambıq və taxıl sahələrini genişləndirir, məhsuldarlığın artırılması üçün yeni becərmə metodundan istifadə edirlər.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonun 67 kəndində 3 min 200 hektar sahədə pambıq əkilib. Bu da əvvəlki ildəkindən 200 hektar çoxdur. Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsi ilə 113 fermer arasında 1500 hektar, “Ucar MKT” ilə 61 ağdaşlı fermer arasında isə 1700 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanılıb.
Həmçinin bu günlərdə Ağdaşda taxıl biçini kampaniyası başlayıb. Rayonda əvvəlcə arpa biçini aparılır və bu məqsədlə sahələrə 31 kombayn və bir o qədər məhsul daşıyan yük avtomobili cəlb olunub. Cari ildə rayonda kəndli fermerlər və fərdi torpaq mülkiyyətçiləri öz təsərrüfatlarında 14 min 230 hektar sahədə taxıl becəriblər. Bunun 10 min 482 hektarını arpa, 3 min 748 hektarını buğda təşkil edir. Ötən bir həftə ərzində rayonda 700 hektar sahədən məhsul toplanılıb. Arpa zəmisində hər hektarda məhsuldarlıq orta hesabla 28 sentnerdir. Yaxın günlərdə rayonda buğda biçininə başlanılacaq.
Bundan əlavə, hazırda rayonda çəltik əkini davam edir. İndiyədək Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Nəvətava, Hapıtlı kəndlərində 550 hektar sahədə çəltik əkini aparılıb. Səpin prosesinin iyunun ortalarınadək başa çatdırılması nəzərdə tutulur. Hazırda fermerlər arpa biçini aparılan sahələri yenidən şumlayaraq çəltik əkirlər. Ötən il Ağdaşın 15 kəndində 87 fermer tərəfindən 2450 hektar sahədə çəltik yetişdirilib və 8245 ton məhsul toplanılıb. Biçilən çəltik rayondakı dəyirmanlarda emal olunaraq keyfiyyətli düyü əldə edilib.