Ağsu dolaylarında yolun çökən ərazisinin kənarları 5-10 santimetrədək aralanıb
Ağsu, 31 mart, AZƏRTAC
Son günlər yağan intensiv yağışlar Bakı-Şamaxı-Yevlax magistralının Ağsu dolaylarından keçən 149-cu kilometrliyindəki sürüşmə zonasında yüngül avtonəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yoldakı 40 metrlik sürüşmə zonasında 30 santimetrdən çox çökmə əmələ gəlib. Ərazi gecələr, xüsusilə yola bələd olmayan sürücülər üçün çox təhlükəlidir. Yolun çökən ərazisinin kənarları qalan ərazidən 5-10 santimetrədək aralanıb.
Yüngül avtomobillərin sahiblərinə ehtiyatlı olmaları, yaxınlıqdakı alternativ yoldan istifadə etmələri tövsiyə edilir.