AĞSUDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEY ŞƏNLİKLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 5-də Ağsuda umummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş kütləvi tədbirlər keçirilmişdir.
Yubiley tədbirləri əvvəlcə rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ağsaqqalların və gənclərin şəhərin bayramsayağı bəzədilmiş mərkəzi meydanda ulu öndərin abidəsinin ziyarəti ilə başlanmışdır. İştirakçılar abidənin önünə əklil və çiçəklər qoymuş, xalqımızın dahi oğluna öz ehtiramlarını bildirmişlər.
Sonra rayon icra hakimiyyətinin iclas zalında yığıncaq keçirilmişdir. Yığıncaqda “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzə dinlənilmişdir.
Bildirilmişdir ki, azad, müstəqil dövlətdə yaşamaq hər bir xalq üçün böyük xoşbəxtlik, misilsiz sərvətdir. Bugünkü azad, demokratik Azərbaycan üçün qədirbilən xalqımız, ilk növbədə, öz dahi oğluna - bu dövlətin qurucusu olan Heydər Əliyevə minnətdardır. Çıxış edənlər ulu öndərin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini təhlil edərək onun dövlət təhlükəsizlik orqanlarında, 1969-cu ildən etibarən Azərbaycana rəhbərliyi dövründə öz vətəni, xalqı üçün gördüyü müstəsna xidmətlərindən danışmışlar.
SSRİ dağıldıqdan sonra Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda Vətənə dönərək onu xilas etmiş bu dahi insan son dərəcə gərgin və yorulmaz fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yeni, müstəqil dövlət qurmuş və çətin beynəlxalq şəraitdə bütün sahələrdə inkişafa nail olmuşdur. Bu gün Azərbaycan böyük öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilmişdir.
Yığıncaqda çıxış edənlər ulu öndərin 1981-ci ildə Ağsuya gəlişindən, rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı üçün gördüyü işlərdən danışmış, öz xatirələrini söyləmişlər. Qeyd olunmuşdur ki, ulu öndərin Azərbaycana rəhbərlyinin ilk dövründə Ağsuda 5 emal zavodu tikilmiş, süd emalı zavodu yenidən qurulmuş, Ağsu çayı üzərində şəhərin hər iki sahilini birləşdirən üç körpü inşa olunmuş, çoxsaylı ictimai yaşayış və inzibati binalar və kəndlərdə 6 orta məktəb, 8 uşaq bağçası, 12 məişət obyekti, 8 feldşer-mama məntəqəsi, 10 klub-kitabxana və onlarca digər obyektlər inşa olunmuş, 120 kilometrdən çox yol salınmış, 8 min hektar ərazini suvarmağa imkan verən Yuxarı Şirvan kanalının Ağsu qolu çəkilmişdir.
Yığıncaqda “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda keçirilmiş respublika inşa müsabiqəsinin qaliblərindən olan Ağsu şəhər 3 nömrəli orta məktəbin XI sinif şagirdi Gülay Məmmədovaya rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyə verilmişdir.
Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Günün ikinci yarsında şəhərin mərkəzi meydanında rayon müsiqiçilərinin, axşamüstü isə Bakı şəhərindən dəvət olunmuş tanınmış musiqiçilərin ifasında geniş bayram konserti verilmişdir.
Axşam saat 21-də Ağsuda rayon tarixində ilk dəfə olaraq atəşfəşanlıq keçirilmişdir.