AHİK Aran zonasında 450 aztəminatlı ailəyə ərzaq bağlamaları paylayıb
Neftçala, 29 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi günlərində aztəminatlı ailələrə dəstək məqsədilə keçirdiyi humanitar aksiya çərçivəsində Aran zonasında 450 aztəminatlı ailəyə ərzaq bağlamaları paylayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala rayonunda keçirilən aksiyada şəhərdə, Xıllı, Bankə və Həsənabad qəsəbələrində, Malağan, Böyük Oryat və Dördlər kəndlərində yaşayan, yaşı 65-dən yuxarı olanlara, tənha insanlara, aztəminatlı və digər imtiyazlı ailələrə, ümumilikdə, 50 ailəyə ərzaq bağlamaları onların yaşadıqları ünvanlarda çatdırılıb.
Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının bütün dünyada tüğyan etdiyi bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu gün aksiya çərçivəsində Aran zonasında yerləşən Şirvan şəhəri, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan, Biləsuvar və Cəbrayıl rayonlarının hər birinə 50 ərzaq bağlaması olmaqla aztəminatlı ailələrə paylanılıb.
Humanitar aksiyada həmkarlar ittifaqı fəalları da iştirak ediblər.