AHİK Gəncədə ehtiyacı olan şəxslərə və ailələrə ərzaq yardımı edib
Gəncə, 30 aprel, Rauf Hacıyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq Gəncədə yaşı 65-dən yuxarı olan ahıl, tənha və aztəminatlı ailələrə yardım aksiyası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) göndərdiyi ərzaq bağlamaları Gəncədə aztəminatlı ailələrə paylanılıb.
Yardımların paylanmasında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Gəncə Şəhər Komitəsinin əməkdaşları yaxından iştirak edərək 100 aztəminatlı ailəyə ərzaq bağlamaları çatdırıblar. Komitənin sədri Ülviyyə Vəliyeva bildirib ki, Konfederasiya respublikanın 76 şəhər və rayonundakı 3900 aztəminatlı ailəyə ərzaq yardımı göndərib: “Aprelin 29-da AHİK-in təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına çatdırmaq üçün respublikanın şəhər və rayonlarına yola düşüb. Gəncə şəhəri üzrə də 100 ailəyə ərzaq sovqatı gətirilib. Əməkdaşlarımızla birlikdə həmin ailələrlə görüşərək bağlamaları çatdırmışıq”.
Ərzaq sovqatının çatdırıldığı ünvanlarda sakinlərlə maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasının səbəb olduğu bu çətin günlərdə insanların bir-birinə dəstək olmalarının vacibliyi vurğulanıb. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.