AIDA Çadda və Nigerdə görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyası həyata keçirib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) İslam İnkişaf Bankı (IIB) ilə tərəfdaşlıq çərçivəsində 2019-cu il ərzində Çadın Ndcamena, Melfi və Adre, həmçinin Nigerin Magariya, Mayaçi, Mayne-Soroa və Diffa bölgələrində növbəti “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasını həyata keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Çadın və Nigerin milli görmə qabiliyyətinə nəzarət proqramlarının, habelə Tunisin Nadi AlBassar və Texniki Əməkdaşlıq Agentliyinin iştirakı ilə təşkil edilmiş bu kampaniya çərçivəsində 22 min 800 insan oftalmoloji müayinədən keçib, görmə qabiliyyətini tam və ya qismən itirmiş 3276 nəfərin isə katarakt əməliyyatı nəticəsində görmə qabiliyyəti bərpa edilib.
Qeyd edək ki, AIDA İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasına 2012-ci ildən qoşulub və hazırda İslam İnkişaf Bankının bu proqram üzrə strateji tərəfdaşıdır.
Proqramın 2009-2016-cı illəri əhatə edən birinci mərhələsində 11 Afrika ölkəsində ümumilikdə 300 mindən artıq insan ödənişsiz olaraq müayinə edilib, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insanın isə keçirilmiş katarakt əməliyyatları nəticəsində görmə qabiliyyəti bərpa edilib, 177 yerli həkimin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər təşkil olunub. Keçirilmiş göz əməliyyatlarında Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin həkimləri də iştirak ediblər.
2018-ci ildən etibarən kampaniyanın növbəti 5 ildə keçiriləcək ikinci mərhələsi başlayıb. Bu çərçivədə 12 Afrika ölkəsində 100 min insanın əməliyyat olunması, 1 milyondan çox məktəblinin göz müayinəsinin aparılması və optik eynəklərlə təmin edilməsi, 90 yerli həkimin peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulub.