AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ ŞƏKİDƏ İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mayın 12-də Azərbaycan Qadınlarının III Qurultayına hazırlıq konfransı və “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində Şəki şəhərində ictimai dinləmələr keçirmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının konfrans zalında keçirilən tədbirin əvvəlində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova ictimai dinləmələrin mövzusu və məqsədi barədə məlumat vermiş, şəkili qadınların rayonun ictimai-siyasi həyatındakı rolu barədə danışmışdır.
İki sessiyadan ibarət olan tədbirin ilk sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək Azərbaycan Qadınlarının III Qurultayına hazırlıq məqsədi ilə görülmüş işlər, əldə edilən nailiyyətlər barədə danışmış, qarşıda duran vəzifələrə toxunmuşdur.
İkinci sessiyada Azərbaycan Demokratik Respublikasında qadınlara seçki hüququnun verilməsinin 90 illiyi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi, habelə qadınlara qarşı zorakılıqla bağlı məsələlər ətrafında müzakirələr aparılmışdır.
Sessiyalarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin “Azərbaycanda gender siyasəti” və Qərb Universitetinin müəllimi Elşad Mirinin “Gender bərabərliyinin dini aspektləri” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirin sonunda Azərbaycan Qadınlarının III Qurultayına nümayəndələr seçilmiş, habelə yerlərdə ağbirçəklər şuralarının yaradılması ilə bağlı təklif və tövsiyələr verilmiş, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.