AKADEMİK AVARÇƏKMƏ, KAYAK VƏ KANOE MİLLİLƏRİMİZİN ƏCNƏBİ BAŞ MƏŞQÇİLƏRI İLƏ ƏMƏKDAŞLIQ DAVAM ETDİRİLƏCƏKDİR
Bakı, 30 oktyabr (AZƏRTAC). Akademik avarçəkmə, kayak və kanoe üzrə milli komandalarımızın baş məqşçilərinin fəaliyyəti Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəhbərliyini qane etmişdir. Federasiyadan bildirmişlər ki, AMAF rəhbərliyi əcnəbi məşqçilərin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Kanoe üzrə milli komandamız ukraynalı baş məşqçi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında Avropa və dünya çempionatlarında uğurla çıxış etmişdir.
Avropa çempionatında Valentin Demyanenko qızıl, Sergey Bezuqlıy-Maksim Prokopenko cütlüyü bürünc medal qazanmışlar.
V.Demyanenko dünya çempionatından da qızıl medalla qayıtmışdır. Bezuqlıy-Prokopenko cütlüyü isə həm gümüş, həm də bürünc medala sahib olmuşdur. Bu nəticələrlə yığmamız dünya və Avropa çempionatlarında 9-cu yeri tutmuşdur.
Bununla yanaşı, Valentin Demyanenko il ərzində həm Avropa çempionu, həm də dünya çempionu olmağı bacaran iki idmançımızdan biridir. Belə nailiyyəti təkrarlayan digər idmançımız isə qadın güləşi üzrə yığma komandamızın üzvü Mariya Stadnikdir.
Kayak üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamıza bu il mayın sonlarından almaniyalı mütəxəssis Yohan Tsülke rəhbərlik edir.
Y.Tsülke qısa müddətdə komandamızın dünya və Avropa birinciliklərində nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Nüfuzlu yarışlarda çıxış edən kayakçılarımızın əksəriyyəti ilkin mərhələni keçərək, yarımfinala adlamağı bacarmışdır.
Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasına da almaniyalı mütəxəssis rəhbərlik edir. Almaniyalı Rudiger Hauffenin rəhbərliyi altında akademik avarçəkənlərimiz “Böyük Moskva reqatası” və Litvada keçirilən “Kəhrəba avarlar” reqatasında, eləcə də Almaniyada keçirilən müxtəlif turnirlərdə kifayər qədər uğurlu nəticələr göstərmişlər. Cavid Əfəndiyev gənclər arasında, Teymur Kutseba - Aleksandr Qlotov cütlüyü isə yeniyetmələr arasında dünya çempionatında 14-cü yeri tutmuşlar.
Bütün bunları nəzərə alan AMAF rəhbərliyi hər üç növ üzrə yığma komandalarımızın baş məşqçiləri ilə əməkdaşlığı davam etdirməyi qərara almışdır.