AKADEMİK MARK DALİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AMEA-nın kimya elmləri bölməsinin akademik–katibi, AMEA-nın müxbir üzvü Ayaz Əfəndiyev görkəmli alimin mənalı ömür yolundan, geniş elmi fəaliyyətindən danışmış, xatirəsinin daim əziz tutulduğunu bildirmişdir.
Sonra akademik Nadir Seyidovun “Akademik M.Dalinin həyat və elmi fəaliyyəti haqqında” mövzusunda məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, müxtəlif illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutuna rəhbərlik etmiş akademik Mark Dalin ölkəmizdə kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. İnstitutda onun rəhbərliyi ilə əldə olunmuş 40-dan artıq mühüm elmi nəticə keçmiş SSRİ–nin müxtəlif şəhərlərində böyük iqtisadi səmərə ilə tətbiq edilmişdir.
Alim 500–dən çox elmi əsərin, bir neçə monoqrafiyanın müəllifdir. Əsərlərinin bir çoxu ayrı–ayrı ölkələrdə də nəşr olunmuşdur.
Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitutunun direktoru, akademik Musa Rüstəmov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, AMEA-nın müxbir üzvü Siyavuş Qarayev və digər natiqlər də akademik Mark Dalinin elmimizə verdiyi dəyərli töhfələrindən, onun nəcib insani keyfiyyətlərindən söz açmış, xatirələrini söyləmişlər.