Akademik Yan Şvarts Azərbaycan tarixinin “qaranlıq səhifələri” haqqında
Bakı, 26 fevral (AZƏRTAC). Nijni Novqorod azərbaycanlılarının http://azerrosnn.ru/ internet səhifəsində saytın administratoru Roman İsmayılovun “Akademik Yan Şvarts Azərbaycanın qaranlıq səhifələrini açır” sərlövhəli məqaləsi yerləşdirilmişdir.
Məqalədə deyilir ki, fevralın 24-də R.Aleksyev adına Nijni Novqorod Dövlət Texniki Universitetinin kitabxanasında “Gizli olan hər şey aşkar olur” kitabının təqdimatı olmuşdur. Kitabın müəllifi, tanınmış tarixçi, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Azərbaycanın ən yeni tarixi üzrə tanınmış mütəxəssis Yan Timofeyeviç Şvartsdır.
Müəllif yazır ki, kitabda bolşeviklərin Azərbaycanda fəaliyyətinə, 1918-ci ildə azərbaycanlıların öz ölkəsində soyqırımına, habelə 1988-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer verilmişdir.
Məqalədə deyilir ki, təqdimat zamanı belə bir fundamental əsər yazdığına, azərbaycanşünaslığa qiymətli töhfəsinə görə müəllifin ünvanına minnətdarlıq dolu səmimi sözlər deyilmişdir.
“Gizli olan hər şey aşkar olur” kitabında Azərbaycan və bütövlükdə SSRİ tarixinin naməlum səhifələrini oxucuya açan nadir materiallar toplanmışdır. İstər sovet, istərsə də müasir dövrün problemlərinə ayrılıqda toxunulmuşdur.
1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran və Azərbaycanın digər regionlarında bolşevik-daşnak quldur dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törətməsi barədə tarixi materiallar xüsusi maraq doğurur. O vaxt 40 mindən çox dinc əhali qətlə yetirilmişdi.
Çıxış edənlərin yekdil fikrinə görə, bütün zəmanələrdə tarix siyasi sistemin mənafeyinə uyğun yazılmışdır. Akademik Yan Şvartsın əsəri barədə bunu demək olmaz. Onun kitabının, bütövlükdə bütün əsərlərinin dəyəri müəllifin müstəqil təhlili və qərəzsizliyidir ki, bu da bizim ümumi tariximizi öyrənəcək gənc nəsil üçün əhəmiyyətlidir.
Məqalələr toplusu məktəblilər, tələbələr, müəllimlər, tədqiqatçılar, habelə tarix problemləri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.
Kitabın təqdimatında milli icmaların, ictimai təşkilatların, elmi ziyalıların nümayəndələri, alimlər, tarixçilər, mətbu nəşrlərin redaktorları və jurnalistlər iştirak etmişlər.