Akademik Zərifə Əliyevanın xatirəsi daim hörmətlə anılacaq
Tərtər, 28 aprel, AZƏRTAC
Tərtər rayon Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub. Sonra iştirakçılar akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfransda çıxış edərək, akademik Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Zərifə xanım Əliyeva hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq və onun xatirəsi daim hörmətlə anılacaq.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov və digər çıxış edənlər tanınmış akademikin həyat və fəaliyyətinin müxtəlif məqamlarından bəhs edib, Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə oftalmologiya elminə misilsiz töhfələr verdiyini vurğulayıblar.
Tədbir rayon incəsənət ustalarının hazırladığı konsert proqramı ilə başa çatıb.