Aleksandar Vuçiç: Serbiya üçün bundan böyük fəlakət təsəvvür edilə bilməz
Belqrad, 5 may, AZƏRTAC
Serbiyada ötən gecə baş vermiş silahlı hücum terror aktıdır. Hadisəni törədən şəxs saxlanılıb, o, bundan sonra gün işığı görməyəcək, həbsxanadan çıxa bilməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç paytaxt Belqradın cənubundakı Mladenvaçda törədilən terror aktı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Ardıcıl silahlı hücumlara görə son 48 saatda ikinci dəfə mətbuat konfransı keçirməli olduğunu bildirən A.Vuçiç deyiləcək bütün sözlərin yetərli olmadığını qeyd edib. Həlak olan 8 nəfərin yaxınlarına başsağlığı verən Serbiya Prezidenti deyib: “Təkrarlanan bu kütləvi qətllər ölkəmizə qarşı törədilib. Bundan hamımız xəbərdarıq. Bir sui-qəsd nəzəriyyəsi yaratmaq istəsəm, çox şey deyə bilərdim. Amma bir prezident kimi mən rasional olmalıyam”.
Böyük xalqların bu kimi fəlakətlərdən sonra həll yollarını tapdıqlarını deyən A.Vucic qeyd edib ki, onlar daha böyük fəlakətlərlə üzləşmiş ola bilər, amma bizim üçün bundan böyük fəlakət təsəvvür edilə bilməz. Uşaqlarımızı, qocalarımızı, gənclərimizi, çoxlu insanlarımızı itirdik. Dünən gecə baş verən silahlı hücum terror aktıdır.
A.Vuçiç son hadisələrdən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, məktəblərə polislərin yerləşdirildiyini, qarşıdakı altı ay ərzində 1200 polis əməkdaşının işə qəbul ediləcəyini bildirib.
Serbiya Prezidenti silah alınmasının, lisenziya şərtlərinin və qeyri-qanuni silah saxlama ilə bağlı cəzaların sərtləşdiriləcəyini deyib, əhalinin demək olar ki, tamamilə tərksilah ediləcəyini vurğulayıb.
Xatırladaq ki, mayın 3-də Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində mühafizəçi və 8-i şagird olmaqla 9 nəfər həlak olub, beş şagird yaralanıb. Dünən gecə isə Belqrad yaxınlığındakı Mladenvaçda silahlı şəxs 8 nəfəri öldürüb, 14 nəfəri yaralayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad