ALİ MƏHKƏMƏDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir. Konfransda “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən söz açmışdır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yubileyin dövlət səviyyəsində qeyd olunduğunu vurğulayan natiq bildirmişdir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Həmin dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuşdur. Heydər Əliyev özünün dövlət idarəçiliyi ilə bağlı strateji proqramında mədəni və mənəvi intibahı həmişə sənayedə və iqtisadiyyatdakı uğurlarla əlaqələndirərək vahid məcraya yönəldirdi. 1969-1982-ci illər Azərbaycan salnaməsinin həyatımızın bütün sahələrində baş verən köklü dəyişikliklərlə zəngin səhifələrini təşkil edir.
Ramiz Rzayev xüsusi olaraq vurğulamışdır ki, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiyası proseslərinin möhkəm təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan ulu öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi böhrandan qurtardı, qanunçuluğu bərpa etdi, cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi.
Bildirilmişdir ki, 1994-cü ildə Heydər Əliyev neft strategiyasının reallaşdırılmasını təmin edən “əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı. Dinamik inkişafa təkan verərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan sürətlə inkişaf etməsi üçün zəmin yaratdı. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür.
Ali Məhkəmənin sədri demişdir ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 5 ilə yaxın müddətdə məhkəmə orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir sıra zəruri tədbirlər həyata keçirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul etdiklərini bildirmiş və dahi rəhbərə ümumxalq sevgisindən danışmışlar.
