ALİYƏ QARAYEVANIN ÇIXIŞ ETDİYİ KLUB İTALİYA ÇEMPİONATINDA QALİB GƏLMİŞDİR
Azərbaycan gimnastı Aliyə Qarayevanın çıxış etdiyi “San-Corcio-79” komandası İtaliyanın “A1” seriyalı klub çempionatının üçüncü turunun qalibi olmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “San-Corcio-79” komandası 78,4 balla ukraynalı Anna Bessonovanın və belaruslu İnna Jukovanın çıxış etdikləri klubları xeyli arxada qoymuşdur. Böyük məharətlə çıxış edən Aliyə ip və lentlə təmrinləri əla yerinə yetirmişdir. Nəticədə Aliyə və komanda yoldaşları fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Aliyə mükafatlandırma mərasimindən sonra demişdir: “Qələbəmiz bir çoxları üçün sürpriz, bizim üçün isə gərgin məşqlərin məntiqi nəticəsi olmuşdur”.
Digər gimnastımız Anna Qurbanovanın çıxış etdiyi klubun isə üçüncü yeri tutmaq üçün cəmi yarım balı çatmamışdır. Anna iplə hərəkətlərə görə komandada ən yüksək 16,2 bal, gürzlə isə 15,35 bal toplamışdır. Klubun ümumi nəticəsi isə 75,825 bal olmuşdur. İtaliya çempionatının dördüncü, sonuncu mərhələsi martın 10-da Turində keçiriləcəkdir.
Bir həftə əvvəl isə Moskvada Qran-pri seriyasından ilk turnir başlanacaqdır. Əsas proqramda Aliyə Qarayeva, müsabiqədənkənar proqramlarda isə Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı çıxış edəcəklər.
Avropa İttifaqının Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder GYMmedia INTERNATİONAL portalına müsahibəsində demişdir: “2007-ci il Olimpiya oyunlarına gedən yolda mühüm yarışlarla zəngindir. Bu, həm Abşeron yarımadasında - Bakıda keçiriləcək yay Avropa çempionatı, həm sentyabrda Yunanıstanda başlanacaq lisenziya çempionatı, həm də noyabrda Avstriyanın İnsbruk şəhərində təşkil ediləcək Qran-pri yarışlarıdır. Bütün bu turnirlərdə ən yaxşı gimnastlar görüşəcəklər”.
Yeniyetmələr Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova, Əzizə Səlimbəyova, Cəmilə Hüseynova və 5 ehtiyat gimnastdan ibarət qrup hərəkətləri komandası da bu mühüm yarışlara, əsasən, Avropa çempionatına hazırlaşır. Rusiyalı mütəxəssis İrina Bıstrova proqramı təkmilləşdirmək üçün martın əvvəllərində Bakıya gələcəkdir.
Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarovadan ibarət yaşlı qrup komandamız isə mart ayında Fransada keçiriləcək Qran-pri yarışlarına hazırlaşmaq üçün növbəti təlim-məşq toplanışındadır.