ALMANİYA AZƏRBAYCANIN AVROPADAKI ƏN YAXIN TƏRƏFDAŞLARINDAN BİRİDİR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Federativ Respublikası Əmək və Sosial Məsələlər Federal Nazirliyinin parlamentar dövlət katibi Franz Tönnesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
O.Əsədov demişdir ki, Almaniya Avropada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Azərbaycan NATO-nun bir sıra proqramlarında iştirak edir və bu işdə də Almaniyadan çox böyük dəstək alır. Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Almaniyanın Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında əlaqələrin qurulması, birgə əməkdaşlığa dair memorandum imzalanması münasibətlərimizdə yeni səhifə açmışdır.
Milli Məclisin sədri dövlətlərimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi vurğulamış, Almaniya Bundestaqının rəhbərini Azərbaycan parlamentinin bu ilin iyununda keçiriləcək 90 illik yubileyinə dəvət etmişdir.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, Almaniyanın bu məsələdə tutduğu mövqeyi və ölkəmizin haqq işini dəstəkləməsini yüksək qiymətləndirmişdir.
Franz Tönnes Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafından razılığını ifadə etmiş, dövlət, hökumət və parlamentlər səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətindən danışmışdır.
Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən razılıqla danışmış, azərbaycanlı həmkarı ilə imzaladığı sənədin əlaqələrimizin digər sahələrdə də inkşafına təkan verəcəyini bildirmişdir.