RƏSMİ XRONİKA
Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Kristian Vulfa
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri siyasi dialoqumuzun davam etdirilməsi, iqtisadi və humanitar müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi üçün münbit zəmindir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində qarşılıqlı işimiz və birgə fəaliyyətimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 sentyabr 2011-ci il.