ALMANİYA SİYASƏTÇİLƏRİ TERROR HÜCUMLARININ ARADAN QALDIRILMASI STRATEGİYASINI HAZIRLAMAĞA ÇAĞIRIRLAR
AZƏRTAC Almaniyanın DPA agentliyinə istinadla xəbər verir ki, sentyabrın 26-27-də Bonnda AFR, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya və Polşanın, habelə ABŞ-ın daxili işlər nazirlərinin müşavirəsi olmuşdur. Müşavirənin yekunlarına əsasən, birgə bəyanat qəbul edilmişdir. Nazirlər beynəlxalq terrorizmlə mübarizədə daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulamışlar. Həmkarlarını terror hücumlarının aradan qaldırılması strategiyasının hazırlanmasına çağıran Almaniya DİN-in başçısı Volfqanq Şoyblenin sözlərinə görə, bu sahədə, ilk növbədə, ABŞ-la fəal əməkdaşlıq aparılmalıdır. Müşavirədə gənclərlə işə xüsusi diqqət yetirilmişdir. Nazirlər İnternet kimi ən müasir kommunikasiya texnologiyasının terrorçular tərəfindən istifadə edilməsinə yol verilməməsinə dair proqram hazırlanmasının vacib olduğunu bildirmişlər.
Almaniya KİV-lərinin yazdığına görə, bir sıra yerli siyasətçilər Almaniya vətəndaşları və obyektlərinə qarşı terror aktları təhlükəsinin artdığı barədə xəbərdarlıq etmişlər. Xəbərdarlıq Köln hava limanında əslən Somalidən olan iki nəfərin, - onlardan biri artıq AFR vətəndaşlığı almışdır, - həbs olunmasından sonra edilmişdir. Bonn mahalının prokuroru Fred Apostel bildirmişdir ki, istintaqın bu iki nəfərin yaxın vaxtlarda terror aktı törətməyə hazırlaşdıqlarını təxmin etməyə ciddi əsasları var. Onların mənzillərində axtarış zamanı cihad etmək və intiharçı terrorçu olmaq arzunsunda olduqlarını göstərən sənədlər tapılmışdır. Təhlükəsizlik xidmətindən bildirmişlər ki, bu iki gənc Amsterdamdan keçməklə, Pakistana uçmağa, terrorçuların Pakistan-Əfqanıstan sərhədindəki bazalarından birində təlim keçməyə hazırlaşırlarmış.
Almaniyaya ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrindən, 2004-cü ilin martında Madrid qatarında, 2005-ci il iyulun 7-də London metrosunda baş vermiş partlayışlardan və bu kimi terror aktlarından kənarda qalmaq hələlik müyəssər olur. 2006-cı ilin iyulunda Almaniyada 2 sərnişin qatarını partlatmaq cəhdi uğursuzluqla nəticələnmişdir. Xoşbəxtlikdən, partlayıcı qurğu işə düşməmişdir. Terrorçulardan biri saxlanılmış və Livan məhkəməsi tərəfindən 12 il müddətinə azadlıqdan məhrum edilmişdir, digəri isə hazırda Almaniyada istintaq altındadır.