ALMANIYA VƏ POLŞA VARŞAVA QIYAMI QURBANLARININ XATIRƏSINI BIRLIKDƏ YAD ETMIŞLƏR
Məlum olduğu kimi, 1944-cü il avqustun 1-də Varşavanı alman faşistlərindən azad etmək məqsədilə Polşa müqavimət hərəkatı qüvvələri 63 gün davam edən qanlı küçə döyüşlərində 200 mindən artıq şəhid verərək məğlub olmuşdular.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 1-də Berlin və Varşavada şəhidlərin xatirəsinə həsr olunmuş birgə anma mərasimləri keçirilmişdir. Berlinin Hedviq kilsəsinə toplaşan Polşa və Almaniya ictimaiyyətinin nümayəndələri, o cümlədən müqavimət hərəkatının sağ qalmış iştirakçiları Varşava qiyamı qurbanlarının xatirəsini yad etmiş və oradan anma mərasimlərinin əsas tədbirində iştirak etmək üçün Polşanın paytaxtına yola düşmüşlər.
Varşava yubiley mərasimində Almaniyanın federal kansleri Gerhard Şröder başda olmaqla hökumət nümayəndə heyəti iştirak etmişdir.
Almaniyanın hökumət başçısı və onu müşayiət edən rəsmi şəxslər təntənəli yubiley mərasiminin başlanması ərəfəsində Polşa paytaxtında açılmış "Varşava qiyamı - xatirə muzeyi"nə getmiş, sonra isə mərkəzi meydanda müqavimət hərəkatı iştirakçıları və qiyamçıların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşlar. Əklilqoyma mərasimində soylədiyi nitqində Almaniyanın hökumət başçısı "bu gündən başlayaraq Almaniya - Polşa barışığının təməli əbədi olaraq qoyulur" deyə vurğulamışdır.