ALMANİYA VƏ POLŞA VARŞAVA QİYAMI QURBANLARININ XATİRƏSİNİ BİRLİKDƏ YAD ETMİŞLƏR
Məlum olduğu kimi, 1944-cü il avqustun 1-də Varşavanı alman faşistlərindən azad etmək məqsədi ilə Polşa müqavimət hərəkatı qüvvələri 63 gün davam edən qanlı küçə döyüşlərində 200 mindən artıq şəhid verərək məğlub olmuşdular.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 1-də Berlində və Varşavada şəhidlərin xatirəsinə həsr olunmuş birgə anma mərasimləri keçirilmişdir. Berlinin Hedviq kilsəsinə toplaşan Polşa və Almaniya ictimaiyyətinin nümayəndələri, o cümlədən müqavimət hərəkatının sağ qalmış iştirakçıları Varşava qiyamı qurbanlarının xatirəsini yad etmiş və oradan anma mərasimlərinin əsas tədbirində iştirak etmək üçün Polşanın paytaxtına yola düşmüşlər.
Varşavada keçirilən mərasimdə Almaniyanın federal kansleri Gerhard Şröder başda olmaqla hökumət nümayəndə heyəti iştirak etmişdir.
Almaniyanın hökumət başçısı və onu müşayiət edən rəsmi şəxslər mərasimin başlanması ərəfəsində Polşa paytaxtında açılmış "Varşava qiyamı - xatirə muzeyi"nə getmiş, sonra isə mərkəzi meydanda müqavimət hərəkatı iştirakçıları və qiyamçıların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşlar. Əklilqoyma mərasimində söylədiyi nitqində Almaniyanın hökumət başçısı "bu gündən başlayaraq Almaniya - Polşa barışığının təməli əbədi olaraq qoyulur" deyə vurğulamışdır.