İDMAN
Almaniya voleybol yığmasının baş məşqçisi: Bakıda qalıb işləmək və yaşamaq istəyirəm
Bakı, 22 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İlk baxışdan Bakının gözəlliyinə heyran oldum. Qədim İçərişəhəri gəzib tarixi interyeri olan mağazalarda alver etmək mənə xüsusi zövq verir. Hər gün Oyunlardan sonra qədim şəhərin küçələrində gəzməkdən yorulmuram.
Bu sözləri Almaniyanın kişi voleybol yığmasının baş məşqçisi belçikalı Vital Heynen yetirmələrinin 3:0 hesabı ilə Belçika yığması üzərində qələbəsindən sonra AZƏRTAC-a verdiyi müsahibədə söyləyib.
Vital Heynen qeyd edib ki, birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. Bu, Azərbaycanda bu tədbirə necə məsuliyyətlə yanaşıldığını göstərir. Baş məşqçi sözünə əlavə edərək deyib: “Bu, fantastikadır. Sadəcə, deməyə söz tapmırsan”.
Azərbaycan voleybol yığması haqqında öz fikirlərini bölüşən Vital Heynen deyib: “Qadın voleybol yığma komandası çox güclüdür. Kişilərin yığma komandası isə hələ yaxşı hazırlaşmalıdır. Düşünürəm ki, yaxşı məşqçi ilə hər şey yoluna düşər. Onlarla işləmək şəxsən mənim üçün çox maraqlı olar”.
Bakıda qalıb işləmək və yaşamaq istədiyini bildirən baş məşqçi Vital Heynen qonaqpərliyinə və mehribanlığına görə Azərbaycan xalqına minnətdarlığını bildirib.
Qeyd edək, Almaniyanın kişilərdən ibarət yığma komandası Slovakiya (3:0), Bolqarıstan (3:0), İtaliya (3:0), Belçika (3:0) komandalarına qalib gələrək yalnız Rusiya komandasına uduzub (1:3).