ALMANİYADA OFİSİANTSIZ RESTORAN AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Nürnberqdə avtomatlaşdırılmış restoran açılmışdır. Burada müştərilər yeməyi masalarda quraşdırılmış sensor ekranların köməyi ilə sifariş edirlər.
Sifariş binanın damı altında yerləşən mətbəxə daxil olur. Hazır yeməklər hər masaya çəkilmiş xüsusi relslərlə endirilir, buna görə də restoranın interyeri attraksion parkının modelini xatırladır. Sifarişlərini gözləyən müştərilər elə həmin sensor ekranın köməyi ilə SMS və ya elektron məktub göndərə bilərlər.
Restoranın sahibi Maykl Mak bildirmişdir ki, on il əvvəl bu cür restoran yaratmaq fikrinə düşmüşdür. Onun dediyinə görə, avtomatlaşdırılmış restoranda masalar bir neçə həftə öncə sifariş olunur.
Müştəriləri restoranın şəraiti və çaypuluna qənaet etmək imkanı cəlb edir, lakin ahıl müştərilərdə elektron sistemindən istifadə etməklə bağlı çətinliklər yaranır.