Türk ekspert: Ankara və Bakının qlobal nəqliyyatda əhəmiyyəti durmadan artacaq
Ankara, 5 iyun, AZƏRTAC
Qlobal transformasiya və son onilliklərin çağırışları fonunda Türk dünyasının, xüsusilə Azərbaycan və Türkiyənin nəqliyyat və logistika sektorunda əhəmiyyəti kəskin şəkildə artıb. Bu reallıq ABŞ, Avropa İttifaqı və türk dövlətlərinin iştirak etdiyi böyük layihələrə açıq maraq göstərən digər aktorlar tərəfindən diqqətdən kənarda qalmayıb.
Bu fikri beynəlxalq münasibətlər və siyasət üzrə türkiyəli ekspert Damla Taşkın AZƏRTAC-a verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, iki qardaş ölkə arasında sıx əməkdaşlıq Ankara və Bakının mövqelərinin möhkəmləndirilməsi üçün xüsusilə əhəmiyyətlidir və Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin diplomatiyası prosesə güclü təkan verib.
Ekspert Zəngəzur dəhlizinin Orta Dəhlizin mühüm bir hissəsi kimi istifadəyə verilməsi ilə bağlı aktiv müzakirələri vurğulayıb. O qeyd edib: “Müasir dünyada ənənəvi nəqliyyat dəhlizləri müharibələrin və böhranların səbəb ola biləcəyi qəfil şoklara qarşı həssasdır. Bu baxımdan Orta Dəhliz, Hicaz dəmir yolu və ya “İnkişaf Yolu” layihəsi kimi alternativ marşrutların əhəmiyyəti artmaqdadır. Bu marşrutların dəyəri getdikcə daha aydın görünür”, - deyə D.Taşkın bildirib.
Agentliyin həmsöhbəti Türkiyə və Azərbaycanın qlobal ticarət və nəqliyyatdakı əhəmiyyətinin qarşıdakı illərdə durmadan artacağına əminliyini ifadə edib.
“Nəqliyyat aktiv müzakirə mövzusu olaraq qalır və bu sahəyə investisiyalar artır. Əminəm ki, nəqliyyat və logistika təşəbbüslərinin həyata keçirilməsində müşahidə olunan müsbət tendensiya digər sahələrə də yayılacaq. Türk Dövlətləri Təşkilatı bunun üçün vacib platforma rolunu oynayır”, - deyə türkiyəli ekspert qeyd edib.