ALMANİYALI QRAFİNYA BAKIDAKI 1 NÖMRƏLİ UŞAQ EVİNİN QONAĞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumda iştirak edən almaniyalı qrafinya Anna Beatriça Şlik iyunun 13-də Nizami rayonunda yerləşən 1 nömrəli uşaq evində olmuşdur.
Buradakı şəraitdən məmnun qalan qonaq demişdir ki, hətta Avropanın bir çox ölkələrindəki uşaq evlərində sevinclə dolu gözlərə nadir hallarda rast gəlmək olar.
Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan 1 nömrəli uşaq evinin 120 sakini vardır. Burada 3 yaşından 20 yaşınadək uşaq və yeniyetmə yaşayır. Uşaqların bütün tələbatlarını ödəyən, yüksək zövqlə qurulan müəssisə müasir standartlara cavab verir.
Geniş xeyriyyəçilik fəaliyyəti ilə tanınan qrafinya Anna Beatriça Şlik vaxtı ilə Tereza Ana ilə birgə çalışmışdır. Azərbaycanı gözəl ölkə adlandıran qonaq ölkəmizdəki uşaq evində yaradılan şəraitdən məmnun qalmışdır.
Qonağa məlumat verilmişdir ki, bütün bunlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində mümkün olmuşdur. Müəssisədə bədii gimnastika, rəqs, rəssamlıq, xalçaçılıq və digər dərnəklər fəaliyyət göstərir. Qrafinya Anna Beatriça Şliki qonaqpərvərliklə qarşılayan uşaqlar bacarıqlarını nümayiş etdirmişlər.
Bakının onu heyrətləndirdiyini deyən qrafinya Anna Beatriça Şlik bildirmişdir ki, bura çoxmillətli Avropa şəhəridir. Sosial fəaliyyətlə məşğul olduğum üçün üşaq müəssisələri ilə tanışlıq mənim üçün çox vacibdir. Mən bu uşaq evindəki şəraitdən məmnun qaldım. Hətta Avropanın bəzi ölkələrindəki uşaq evlərində belə yüksək şəraitin şahidi ola bilməzsiniz. Təmizlik, uşaqlar üçün alınmış avadanlıq, burada olan mühit məni çox sevindirir.
Balacalarla ünsiyyətdən məmnun qalan qonaq onları bir daha ziyarət edəcəyini söz vermişdir.