ALMANİYANIN HANNOVER ŞƏHƏRİNDƏ “AZƏRBAYCAN İQTİSADİYYATI GÜNÜ” KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 21-25-də Almaniyanın Hannover şəhərində “Yeni texnologiyalara birinci sahib ol” devizi altında beynəlxalq sənaye yarmarkası keçirilir. Müxtəlif sahələr üzrə, o cümlədən maşınqayırma, mikrotexnologiya, enerji istehsalı qurğuları, rəqəmsal texnologiyalar və informasiya texnologiyaları, sənaye avtomatları və s. istiqamətlərdə ixtisaslaşmış yarmarkaların fəaliyyət göstərdiyi Hannover beynəlxalq sənaye yarmarkasında Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Yarmarka çərçivəsində aprelin 22-də “Azərbaycan iqtisadiyyatı günü” keçirilmişdir. Tədbirdə Azərbaycana sərmayə qoyan və burada fəaliyyət göstərən, eyni zamanda, Azərbaycana marağı olan alman şirkətlərinin nümayəndələri iştirak etmişlər.
Tədbirin açılışında Almaniya İqtisadiyyatı Şərq Komitəsinin sədri Klaus Manqold və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış edərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanları, energetika sahəsində əməkdaşlıq məsələləri, Azərbaycanın iştirakçısı olduğu enerji layihələrindən bəhs etmişlər.
Azərbaycanlı mütəxəssislər tədbirdə Azərbaycanda investisiya imkanları, iqtisadi potensial, informasiya texnologiyaları siyasəti, istehsal bazarına dövlət nəzarəti, turizmin inkişafı və digər mövzulara həsr olunmuş məruzələrlə çıxış etmişlər.
Daha sonra Azərbaycanda fəaliyyət göstərən alman şirkətlərinin və təşkilatlarının nümayəndələri (Kommerzbank, Almaniya İnkişaf Bankı, Almaniya-Azərbaycan İqtisadi Təşviq Cəmiyyəti və s.) iştirakçılara ölkədə investisiya mühiti barədə məlumat vermiş, öz təcrübələrındən danışmışlar. Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şərait olduğunu qeyd edən şirkətlərin təmsilçiləri ölkəyə maraq göstərən iş adamlarını Azərbaycana sərmayə yatırmağa çağırmışlar.