ALMANİYANIN OFFENBAX ŞƏHƏR KİTABXANASI AZƏRBAYCANA DAİR KİTABLARLA ZƏNGİNLƏŞMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Almaniyanın Offenbax (Hessen federal əyaləti) şəhər kitabxanasında Azərbaycan bölməsinin açılışı olmuşdur.
Bu məqsədlə ölkəmizin Almaniyadakı səfirliyi kitabxanaya ölkəmizin zəngin tarixi, mədəniyyəti, siyasi, ictimai və sosial həyatını, görkəmli şəxsiyyətlərinin, şair və filosoflarının yaradıcılığını, bədii ədəbiyyat nümunələrini əhatə edən 500-dək kitab bağışlamışdır. Bununla da Offenbax şəhər kitabxanası Berlindən sonra Azərbaycan bölməsinə malik olan ikinci alman şəhəridir.
Azərbaycan guşəsinin açılışı münasibəti ilə kitabxanada keçirilən mərasimdə səfir Pərviz Şahbazov, Offenbax şəhərinin meri Kurt Şnayder, alman ictimaiyyətinin nümayəndələri və Hessen federal əyalətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları iştirak etmişlər.
Mer K.Şnayder Azərbaycana dair ədəbiyyatın Offenbax şəhər kitabxanasına hədiyyə edilməsindən məmnunluq duyduğunu bildirmişdir.
Səfir Pərviz Şahbazov 2008-ci ilin Almaniyada Azərbaycan mədəniyyəti ili olduğuna və il ərzində çeşidli tədbirlər silsiləsinin davam etdiriləcəyinə toxunaraq, Offenbax şəhər kitabxanasına edilən bu hədiyyəni iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə kimi qiymətləndirmişdir.
Bu təşəbbüsün reallaşmasında Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərovanın, müavini Abdulkadir Karaoğlanın və Maynts Azərbaycan Cəmiyyətinin sədri Başar Kömürün göstərdiyi dəstək xüsusi vurğulanmışdır.
Rəsmi hissədən sonra iştirakçılara ölkəmiz haqqında daha ətraflı məlumat vermək məqsədilə Azərbaycan Tibb Universitetinin məzunu Bengi Karaoğlan interaktiv təqdimat keçirmiş, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, tarixi, mədəniyyəti və müasir həyatı barədə danışmışdır. Sonra Essen Musiqi Akademiyasının dosenti Elnarə İsmayılovanın fortepianoda müşayiəti ilə opera solisti Zilke Hartştanq Azərbaycan bəstəkarlarının klassik əsərlərindən ariyalar ifa etmişdir.
Kitabxanaya hədiyyə edilən və Azərbaycan, alman, ingilis dillərində nəşr olunmuş kitablar arasında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlarla əsər vardır. Nəşrlər kitabxananın elektron kataloquna daxil edilmiş və oxucular internet vasitəsilə onları sifariş verə biləcəklər.
Xatırladaq ki, hər il dünyanın ən nüfuzlu kitab yarmarkalarından biri sayılan Frankfurt kitab yarmarkasında Azərbaycana dair ədəbiyyat nümayiş etdirilir. Oxucular tərəfindən böyük maraqla qarşılandığı nəzərə alınaraq, kitabxanaya təqdim olunmuş əsərlərin əksəriyyəti həmin nəşrlərdən seçilmişdir.