ALMATIDA İKİTƏRƏFLİ GÖRÜŞLƏR KEÇİRİLMİŞDİR
Almatıda “Asiyada qarşılıqlı fəaliyyət və etimad yaratmaq tədbirləri üzrə müşavirə” çərçivəsində dövlət və hökumət başçılarının sammiti başa çatdıqdan sonra qonaqlar ikitərəfli görüşlər keçirmişlər.
Görüşlərdə Pakistan-Hindistan, İsrail-Fələstin problemi, Əfqanıstanda vəziyyət geniş müzakirə olunmuşdur.
Azərbaycanın baş naziri Artur Rəsizadənin Qazaxıstanın baş naziri İmanqali Tasmaqambetov ilə görüşündə Almatı sammitinin nəticələri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə toxunulmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması sahəsində görülən işlərdən danışan baş nazir demişdir ki, kəmər təxminən 2005-ci ilin əvvəllərinə kimi işə düşməlidir.
Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılmışdır.
X X X
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev keçirdiyi mətbuat konfransında “Asiyada qarşılıqlı fəaliyyət və etimad yaratmaq tədbirləri üzrə müşavirə”nin strukturundan danışaraq demişdir: - Biz Almatıda artıq bu təşkilatın bünövrəsini qoyduq. Müşavirə çərçivəsində dövlət başçıları dörd ildən bir, xarici işlər nazirləri iki ildən bir toplaşacaqlar. Ekspertlərin ildə bir dəfə görüş keçirmələri nəzərdə tutulur. Müəyyən bir qlobal məsələnin həlli ilə bağlı dövlət və hökumət başçıları növbədənkənar da görüşə bilərlər.
Sonra N.Nazarbayev bir sıra digər məsələlərə də toxunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı