İDMAN
AMADA-nın narkotiklərlə mübarizə sahəsində gördüyü işlər təqdirəlayiq hesab edilib

Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ölkəmizdə səfərdə olan Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin işçi qrupunun rəhbəri Maria Moreira ilə görüşüb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ş.Hüseynli rəhbərlik etdiyi qurumun fəaliyyəti, təmiz idman naminə görülən işlər, narkotiklərlə mübarizə sahəsində atılan addımlar və əldə olunan nailiyyətlər barədə qonaqları məlumatlandırıb.
AMADA-nın fəaliyyətini yüksək qiymətləndirən Maria Moreira agentliyin narkotiklərlə mübarizə sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib.
Sonra Avropada və Yaxın Şərq Proqramına üzv olan ölkələrdə narkotiklərlə mübarizənin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə Mərkəzin ESPAD (Alkoqol və Digər Narkotiklər üzrə Avropa Məktəb Sorğu Layihəsi) təşəbbüsü, iki qurum arasında birgə əməkdaşlıq və perspektivlər müzakirə olunub.
ESPAD 40-dan çox Avropa ölkəsində müstəqil tədqiqat qrupları ilə əməkdaşlıq edir və yeniyetmələrin narkotik vasitələrdən istifadəsinin qarşısının alınması üzrə dünyanın ən böyük beynəlxalq tədqiqat layihəsidir.
Görüşdə, həmçinin “EU4Monitoring Drugs” layihəsinin əlaqələndiricisi İlze Yekabsone, elmi analitik Klaidas Kuçalskis, AMADA-nın Hüquq şöbəsinin müdiri Fərhad Abasov və Elm şöbəsinin rəhbəri Rüfət Efendiyev iştirak ediblər.