“Amazon” dünyada informasiya texnologiyaları xərclərinə görə liderdir
Bakı, 21 yanvar, AZƏRTAC
Ötən il şirkətlər arasında informasiya texnologiyalarına daha çox investisiya “Amazon” şirkəti tərəfindən yatırılıb.
AZƏRTAC “IDC” analitik şirkətinə istinadla xəbər verir ki, “Amazon” şirkətinin 2018-ci ildə informasiya texnologiyaları avadanlığı, proqram təminatı, informasiya texnologiyaları və telekommunikasiya servisləri, eləcə də informasiya texnologiyaları işçi heyəti üçün ümumi xərcləri 13,6 milyard dolları ötüb. Bu xərclərə görə ikinci yeri “Google” şirkətinin əsasında yaradılan “Alphabet” holdinqi tutub. Holdinq təxminən 12 milyard dollar sərf edib ki, bu da onun yaxın izləyicisi - dünyanın nəhəng pərakəndə satış şəbəkəsi “Walmart”dan xeyli çoxdur.
“Amazon”un informasiya texnologiyaları büdcəsinə görə liderliyi “bulud” biznesinin inkişafı üçün fəaliyyət göstərən Data mərkəzlərinin genişləndirilməsinə və yenilərinin inşasına investisiya qoyuluşu ilə əlaqədardır.
“IDC” şirkətinin analitiki Devid Lantsman qeyd edib ki, Data mərkəzləri üçün server və digər infrastruktura informasiya texnologiyaları xərclərinin böyük hissəsi “Amazon” və “Google” şirkətlərinin payına düşür. Bu isə onların biznes sahəsinə informasiya texnologiyaları büdcəsini azaltmağa kömək edən “bulud” servisləri satması ilə izah olunur.
2018-ci ilin yekunlarına görə, ən çox informasiya texnologiyaları xərclərinə malik şirkətlər onluğuna, həmçinin “JPMorgan Chase” və “Microsoft” (hərəyə təxminən 9,2 milyard dollar), “Bank of America” (8,4 milyard dollar), “Facebook” (7,9 milyard dollar), “AT&T” (6,6 milyard dollar), “Wells Fargo” və “Citigroup” (6,6 milyard dollar) daxildir. Onluğa daxil olan 4 şirkət maliyyə sektorunu təmsil edir. D.Lantsman bunu bankların informasiya təhlükəsizliyi və internet bankçılıq texnologiyalarına investisiya yatırmaq istəyi ilə izah edir.
“Gartner” analitik şirkətinin proqnozuna görə, 2019-cu ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 3,2 faiz artaraq 3,8 trilyon dollara çatacaq.