AMEA-da konfrans: “Sələflər və xələflər. Vaqif Aslanov və türkologiyanın aktual problemləri”
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Sələflər və xələflər. Vaqif Aslanov və türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türk Dili Qurumunun fəxri üzvü, görkəmli türkoloq, leksikoloq, şərqşünas, tərcüməçi, professor V.Aslanovun 90 illik yubileyinə həsr olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli V.Aslanovun həyat və fəaliyyətindən bəhs edib. Bildirilib ki, Azərbaycan türkologiyasının fəxri sayılan V.Aslanov 1972-ci ildə AMEA-nın Dilçilik İnstitutunda türk dilləri şöbəsinin ilk müdiri seçilib. Görkəmli alim Azərbaycan dilinin və klassiklərin dilinin araşdırılması yolunda zəhmət və biliyini əsirgəməyib. O, “Kitabi-Dədə Qorqud” dastanını ilk dəfə dilçilik baxımından tədqiq edib. Alimin “Azərbaycan dilinin tarixi leksikologiyası” əsəri ilə SSRİ-də aparılan manqurtlaşdırma siyasətinə qarşı çıxdığını deyən İ.Həbibbəyli qeyd edib ki, V.Aslanov bu əsərlə özünün azərbaycançılıq mövqeyini və milli təfəkkür ideyasını ortaya qoyub. Diqqətə çatdırılıb ki, həmin dövrdə onun bütün SSRİ-də yayılan əsərini rus alimi Andrey Kononov Bakıda keçirilən ümumtürkoloji konfransda “türkologiyada kəşf” adlandırıb.
V.Aslanovun özünəməxsus dilçilik məktəbi yaratdığını deyən İ.Həbibbəyli onun əsərlərinin bu gün də aktuallığını qoruyaraq bir çox alimin istinad yeri olduğunu söyləyib. AMEA-nın vitse-prezidenti dilçiliyin fundamental problemlərini araşdırmaqla yanaşı, bu sahədə iz qoymuş şəxslərin cəmiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıb.
Akademik İ.Həbibbəyli Dilçilik İnstitutunun bu gün Azərbaycan cəmiyyətində fəal şəkildə iştirak etdiyini və “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini hazırladığını da diqqətə çatdırıb.
Sonra çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, filologiya elmləri doktoru Çingiz Hüseynzadə alimlə bağlı xatirələrini bölüşüb.
Konfransda, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Görkəmli dilçi-alim Vaqif Aslanov”, professor Roza Eyvazovanın “Vaqif Aslanov və rekonstruksiya məsələləri”, professor Sevil Mehdiyevanın “Vaqif Aslanov və yazıyaqədərki Azərbaycan dili tarixinin məsələləri” və filologiya elmləri doktoru Kamilə Vəliyevanın “Türk dünyasının görkəmli türkoloqu Vaqif Aslanovun elmi irsi” mövzusunda məruzələri dinlənilib.