AMEA “Elm” nəşriyyatının 2025-ci ilə dair hesabatı dinlənilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
“Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov hesabat məruzəsini təqdim edib.
Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində nəşriyyatda “Azərbaycan Konstitusiyası və suverenlik” və “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafiyalar işıq üzü görüb. “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafiya müəssisənin direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun tərtibatında hazırlanıb. Nəşrin elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru AMEA Rəyasət Heyəti Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəridir. Göstəricidə azərbaycançılıqla bağlı müxtəlif illərdə işıq üzü görmüş nəşrlər – kitablar, dissertasiyalar, avtoreferatlar, məqalələr və s. sistemli şəkildə toplanılıb.
“Elm” nəşriyyatında AMEA-nın 80 illik yubileyi ilə bağlı müxtəlif kitablar işıq üzü görüb. Həmin nəşrlər noyabrın 3-də AMEA-nın 80 illik yubiley tədbirində sərgidə nümayiş olunub.
Bu il, həmçinin “Elm” nəşriyyatının yaradılmasının 100 ili tamam olub. Direktor Səbuhi Qəhrəmanovun tərtibçiliyi ilə AMEA-nın 80 illik, “Elm” nəşriyyatının isə 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” adlı nəşr çapdan çıxıb. Azərbaycanda biblioqrafiyalaşdırma praktikasında sahəvi biblioqrafik vəsaitlərin biblioqrafiyasının hazırlanması istiqamətində ilk təşəbbüs olan kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru isə filologiya elmləri doktoru, dosent Mehman Həsənlidir.
“Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1925-1990)” və “Elm” nəşriyyatı: bir əsrlik irsin biblioqrafiyası: (1991-2025)” adlı ikicildlik biblioqrafiya da nəşriyyatın yubileyi münasibətilə hazırlanıb. Bununla yanaşı, “Elm – tərəqqiyə aparan yol (1925-2025)” monoqrafiyası nəşriyyatın yubileyinə həsr olunub. Monoqrafiyanın müəllifi Səbuhi Qəhrəmanov, elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olub. Bu münasibətlə Prezident İlham Əliyevin 2025-ci il fevralın 21-də “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını xatırladan Səbuhi Qəhrəmanov bildirib ki, “Elm” nəşriyyatında “Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” kitabı çapdan çıxıb. Həmçinin nəşriyyatın direktoru S.Qəhrəmanovun “Bəxtiyar Vahabzadənin şeirlərində Azərbaycan düşüncəsi” adlı məqaləsi “Index Copernicus” beynəlxalq elmi bazasına daxil olan Türkiyənin “Yazıt Kültür Bilimleri Dergisi”ndə dərc edilib.
S.Qəhrəmanov çıxışında bildirib ki, hesabat ilində nəşriyyatda “Görkəmli elm xadimləri” seriyasından biblioqrafiyalar, eləcə də “İlham Əliyev və yaşıl dünya naminə Azərbaycan (çap və elektron sənəd-informasiya resursları)”, “Azərbaycan milli mətbuatı müstəqillik dövründə: 1991-2025” adlı biblioqrafiyalar işıq üzü görüb. Məruzəçi 2025-ci ildə müəssisədə çap olunan monoqrafiyalar, müxtəlif kitablar, elmi jurnallar, eləcə də respublika və beynəlxalq səviyyəli konfransların materialları və digər nəşrlər haqqında ətraflı məlumat verib.
Direktor bildirib ki, müəssisə bu il standartlaşdırma sahəsində mühüm yeniliyə imza atıb. “Elm” nəşriyyatının bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib. Texniki komitənin sədri Səbuhi Qəhrəmanov, sədr müavini AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini Sərxan Xavəri, məsul katib isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovadır. Vurğulanıb ki, AZSTAND/TK 52-nin tərkibinə ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, nəşriyyat və mətbuat nümayəndələri daxil edilib. Bildirilib ki, yaxın günlərdə komitənin növbəti iclası keçiriləcək.
Sonda hesabat ətrafında AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı çıxış edib və geniş müzakirə aparılıb, suallar cavablandırılıb. Nəşriyyatın cari ildəki fəaliyyəti yüksək qiymətləndirilib.