AMEA-nın Aşqarlar Kimyası İnstitutunda çirklənmiş torpaqların təmizlənməsi imkanları öyrənilir
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) bitkilərdən istifadə etməklə davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların təmizlənməsi (fitoremediasiya üsulu) imkanlarının öyrənilməsi üzrə Azərbaycan, Almaniya və Gürcüstan alimlərinin birgə tədqiqatlarının nəticələrinə həsr olunmuş seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda akademik Vaqif Fərzəliyev, professor Pərvin Məmmədova, Elbəy Babayev, İradə Eyvazova (AKİ), professor Rolf Düring və Marcel Simon (Giessen Universiteti, Almaniya), professor Philip Weller (Mannheim Universiteti, Almaniya) və professor Daniela Lud (Reyn-Waal Tətbiqi Elmlər Universiteti, Almaniya), professor Besik Kalandadze (Tbilisi Dövlət Universiteti), professor İslam Mustafayev (Radiasiya Problemləri İnstitutu), professor Nəriman İsmayılov (Mikrobiologiya İnstitutu), “AgriBio EkoTech” şirkətinin prezidenti Əli Əlizadə və Gəncə Aqrobiznes Assosiasiyasının İdarə Heyətinin sədri Vüqar Babayev iştirak ediblər.
Seminar zamanı davamlı üzvi çirkləndiricilər problemi ilə bağlı aparılan araşdırmalar üzrə 5 məruzə dinlənilib. Problemin aktuallığı baxımından seminar interaktiv formada keçirilib və hər bir təqdimatda bu istiqamətin prioritet olduğu vurğulanıb.
Davamlı üzvi çirkləndiricilər olduqca toksik, təhlükəli kimyəvi maddələrdir, onlar ətraf mühitdə uzun müddət qala, uzaq məsafələrə yayıla və insanların və heyvanların yağ toxumalarında yığıla bilər.
Seminarın sonunda əldə olunan nəticələr müzakirə olunub və birgə əməkdaşlıq üçün növbəti istiqamətlər müəyyən edilib.