AMEA-nın İqtisadiyyat İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycanın məqsədyönlü, uğurlu tədbirlər həyata keçirdiyini qeyd edib. O diqqətə çatdırıb ki, hökumət əhalinin sosial müdafiəsinin təşkili və iqtisadi aktivliyin təmin olunması sahəsində mühüm qərarlar qəbul edib.
“Bütün dünya iqtisadiyyatına böyük ziyan vuran pandemiyanın nəticələrinin aradan qaldırılması və iqtisadi artımın bərpa edilməsi müəyyən vaxt tələb edir. Postpandemiya dövründə cəmiyyətin iqtisadçılardan gözləntiləri artacaq. Ona görə də iqtisadçı alimlər, tədqiqatçılar sosial-iqtisadi inkişafa öz töhfələrini verməlidirlər. Bu işdə alimlərin üzərinə mühüm vəzifələr düşür. Böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması istiqamətində AMEA-nın İqtisadiyyat İnstitutunda da tədqiqatlar aparılır. Artıq institutun əməkdaşları təklif və tövsiyələrini rəhbərliyə təqdim ediblər. Yaradılan işçi qrupu həmin təklifləri ümumiləşdirdikdən sonra vahid sənəd formasında müvafiq dövlət idarəetmə orqanlarına təqdim olunacaq”, - deyə professor Nazim Müzəffərli vurğulayıb.
İnstitutun Elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradov elmi tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti, işçi qrupların apardıqları tədqiqatlar, plan işləri qarşısında əsas tələblər, hesabat forması barədə geniş məlumat verib.
Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva doktorantura və dissertanturaya qəbulun nəticələrindən danışıb.
Dissertantların onlayn iştirakı ilə dissertasiya mövzuları müzakirə edilərək təsdiqlənib.