AMEA-nın Tarix İnstitutu Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. Şurada çıxış edən akademik Yaqub Mahmudov bildirib ki, Tarix İnstitutu təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir. Bununla əlaqədar yaxın günlərdə institutun təşkilatçılığı ilə Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək.
O bildirib ki, Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməyi yalnız ona yox, həm də AMEA-nın Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir.
Elmi şuranın iclasında tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitablarının təqdimatı olub.
N.Məmmədovun kitabının elmi məsləhətçisi Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur. Kitabda Y.Mahmudovun elmi yaradıcılığındakı Qarabağ mövzusu yığcam olaraq təhlil olunur.
“Azərbaycan naminə” toplusu Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap olunub. Topluda Y.Mahmudovun L.Şamxala verdiyi müsahibələr, institutla bağlı xəbərlər və s. yer alıb.