AMEA-nın Zoologiya İnstitutunda ilk dəfə koksidiofauna ilə bağlı tədqiqatlar aparılır
Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu ilk dəfə olaraq koksidiofaunanı müasir molekulyar metodlarla öyrənəcəkdir.
İnstitutun “Protistologiya” laboratoriyasının gənc doktorantı Türkan Qurbanova bu metodların Azərbaycanda tətbiqi istiqamətində tədqiqatlar aparır.
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədqiqatlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan qrant mükafatı almış “Birhüceyrəli ibtidai parazitlər olan koksidilərin növ tərkibinin müasir molekulyar metodlarla (DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası) təyin edilməsinin öyrənilməsi” adlı layihə çərçivəsində həyata keçirilir.
Layihənin rəhbəri T.Qurbanova bildirmişdir ki, bu istiqamətdə aparılacaq tədqiqatlar Azərbaycan koksidiofaunasının və koksidilərin ayrı-ayrı növlərinin öyrənilib dəqiqləşdirilməsi üçün çox əhəmiyyətlidir.
Gənc alim 5 min 900 manat dəyərində olan layihənin qarşıya qoyduğu məqsədi reallaşdırmaq üçün Çex Respublikası Elmlər Akademiyasının Parazitologiya İnstitutunda noyabrın 5-dən 30-dək təcrübə keçəcəkdir. Bu müddətdə Çex mütəxəssisləri gənc alimə koksidilərin növlərinin öyrənilməsi istiqamətində dərs deyəcəklər. O, təcrübədən əldə olunacaq müasir bilikləri Azərbaycanda bu sahədə çalışan mütəxəssislərlə paylaşacaqdır. Layihənin nəticəsi olaraq DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası kimi müasir metodlar öyrəniləcəkdir. Bu, respublika faunasının tədqiqi üçün əhəmiyyətli nəticələrə, parazitologiya sahəsində tədqiqatların yeni müstəvidə aparılmasına imkan yarada bilər.