ELM VƏ TƏHSİL
AMEA prezidenti: Honkonq Kore Akademiyası ilə əməkdaşlıq üçün geniş imkanlar var
Bakı, 6 oktyabr, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çinin Honkonq Kore Akademiyasının nümayəndələri ilə görüşüb. Görüşdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Vu, akademiyanın əməkdaşları Feng Liu və Yan Zheng iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Görüşdə akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq olduğunu bildirib.
İsa Həbibbəyli Milli Elmlər Akademiyasının Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və Hebey Sosial Elmlər Akademiyası ilə geniş əməkdaşlıq etdiyini, birgə elmi layihələrin həyata keçirildiyini də söyləyib. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini, Çin ədəbiyyatının, mədəniyyətinin tədqiq olunduğunu vurğulayıb.
AMEA rəhbəri bu günlərdə “İpək yolu ruhu ilə Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi altında Pekində keçirilmiş 1-ci Çin Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransını ölkələrimiz üçün tarixi elmi-mədəni hadisə kimi dəyərləndirib.
Qonaqların ölkəmizə səfərini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli iyun ayında Çinə səfəri çərçivəsində Honkonq Kore Akademiyasının Cuci filialında elmi əməkdaşlıq əlaqələrinin müzakirə edildiyini xatırladıb.
Akademik İsa Həbibbəyli Honkonq Kore Akademiyası ilə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib və maraq doğuran məsələlər barədə təkliflərini səsləndirib.
Qonaqlar çıxışlarında Çin-Azərbaycan elmi əlaqələrinin inkişaf etdirilməsi istiqamətində yaxından iştirak edəcəklərini diqqətə çatdırıblar. Həmçinin elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını deyərək bir sıra təkliflər irəli sürüblər.