AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən bu il akademiyanın keçirdiyi tədbirlərdən danışıb. A.Əlizadə “Elm günü” ilə əlaqədar AMEA Rəyasət Heyətinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə”, “Gənc qadınlar elmdə” və “Magistr-2019” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib.
Sonra “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun xalçaşünaslıq sektorunun müdiri, tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov “Müasir Azərbaycan xalçaşünaslığı: nailiyyətlər və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib. Alim Azərbaycan xalçaçılığının öyrənilməsi istiqamətində tədqiqat işlərinin sistemləşdirilməsi, xalçaşünaslıq elminin müstəqil, konseptual və fundamental şəkildə formalaşması, bu istiqamət üzrə elmi ixtisaslı kadrların hazırlanması məqsədilə AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində xalçaşünaslıq sektoru yaradıldığını xatırladıb. Vurğulayıb ki, milli xalçaçılıq tarixi Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbələrdən biri kimi araşdırılır, Azərbaycan xalçaçılıq sənəti tarix, etnoqrafiya, iqtisadiyyat, sənətşünaslıq, folklor, etnobotanika və digər elmlərin kontekstində praktik və nəzəri materiallar əsasında öyrənilir. Bununla yanaşı, Azərbaycan xalçaçılığının dünya xalçaçılıq tarixində yeri və mövqeyi tədqiq edilir, ölkəmizdə xalça istehsalının və ticarətinin təşkili, beynəlxalq bazara çıxarılması yolları öyrənilir, milli xalça çeşnilərinin yaranma və təkamül prosesi araşdırılır, unudulmuş xalça çeşniləri aşkara çıxarılaraq bərpa edilir və digər tədqiqat işləri aparılır.
Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) 2017-2018-ci illərdəki fəaliyyəti haqqında hesabatı dinlənilib. AHİ-nin sədri, hüquq elmlər doktoru Habil Qurbanov bildirib ki, hesabat dövründə AHİ akademiya əməkdaşlarının sosial həyatında, problemlərinin həlli məsələlərində yaxından iştirak edib. AMEA-nın müasir dövrün çağırışlarına cavab vermək əzminin həmkarlar təşkilatı qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulayan sədr diqqətə çatdırıb ki, akademiyada gedən islahatların daha səmərəli nəticə verməsi üçün təşkilat əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirib.
Müzakirələrdən sonra hesabat qənaətbəxş hesab edilib, bir sıra tapşırıqlar verilib.
İclasda bildirilib ki, Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri və elmi təşkilatlarının 2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilib. Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na və AMEA prezidentinin 2018-ci il 3 dekabr tarixli sərəncamına uyğun olaraq AMEA-nın doktorantura və dissertanturasına qəbul həyata keçirilib.
İclasda növbəti məsələ “AMEA-nın 2018-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsi ilə bağlı olub. Rəyasət Heyətinin qərarı ilə məcmuənin çap olunması üçün tapşırıq verilib.
Rəyasət Heyətinin qərarı ilə nanotexnologiyalar və nanostrukturlar, intellektual texnologiyalar və sistemlər, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, kataliz və yeni materiallar kimyası, neft kimyası, üzvi sintez, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, Azərbaycanda sosial və etnik proseslərin öyrənilməsi, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsirinin proqnozlaşdırılması və digər mühüm istiqamətlər üzrə elmi-tədqiqat proqramları təsdiq edilib.
İclasda “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi məsələsinə də baxılıb. Bildirilib ki, “AMEA-nın professoru” adına namizədlər elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülür. Qeyd olunub ki, müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları, həmçinin Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında xüsusi xidmətləri olan xarici ölkə alimləri də iştirak edə bilərlər.
Tədbirdə, AMEA-nın xatirə nişanlarının təsis edilməsi məsələsi müzakirə olunub. Rəyasət Heyəti adlı mükafatların nüfuzunun daha da artırılması, mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə AMEA-nın adlı mükafatlarının Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərin adına xatirə nişanları ilə əvəz edilməsini məqsədəuyğun hesab edib. Bundan başqa, AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı və elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı da təsis olunub.
İclasda AMEA-nın Biofizika İnstitutunda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə “Molekulyar və hüceyrə onkologiyası” laboratoriyasının yaradılması haqqında, AMEA-nın Botanika İnstitutunun elmi nəşri “Plant & Fungal Research” jurnalının redaksiya heyətinin təsdiqi haqqında qərarlar qəbul edilib.
Həmçinin AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi Həmayıl Adıgözəlzadənin Almaniyanın Leibniz adına Potsdam Astrofizika İnstitutuna, AMEA-nın Nəbatat bağının şöbə müdiri Yusif Abiyevin Türkiyənin Qaradəniz Texniki Universitetinə, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədovun Polşanın Adam Mitskeviç Universitetinə, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqovun İtaliyanın Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutuna ezam edilmələri haqqında qərarlar verilib.
Digər qərarlarla AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileylərinin keçirilməsi təsdiq edilib.