Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə, ortaq mədəni irsə və strateji maraqlara əsaslanan müttəfiqlik nümunəsidir. Tarixə söykənən münasibətlər zamanla daha da möhkəmlənərək bu gün müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, xüsusilə son 20 ildə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq daha sistemli və çoxşaxəli xarakter alıb. Enerji və nəqliyyat layihələri - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Bakı-Tbilisi-Qars dəmir yolu regionun geoiqtisadi xəritəsini dəyişdirən mühüm təşəbbüslər kimi tarixə düşüb. Bu layihələr təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyinə mühüm töhfə verib.
"44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərində yeni strateji mərhələnin başlanğıcı olub. O tarixi günlərdə Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycan cəmiyyətində böyük rəğbət qazanıb və bu birlik beynəlxalq müstəvidə də xüsusi diqqət çəkib. Şuşa şəhərində 2021-ci il iyunun 15-də Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək hüquqi-siyasi sənədi olan Şuşa Bəyannaməsinin imzalanması da bu baxımdan xüsusilə mühüm əhəmiyət kəsb edir.
Şuşa Bəyannaməsində siyasi və hərbi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı müdafiə mexanizmlərinin genişləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və regionda sabitliyin təmin olunması kimi strateji müddəalar əks olunub. Bu bəyannamə iki ölkənin gələcək inkişaf istiqamətini müəyyən edən yol xəritəsi rolunu oynayır.
Bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə ikitərəfli münasibətlərin yüksək səviyyəsi deyil, həm də regional və qlobal proseslərə təsir göstərən mühüm geosiyasi amildir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə sənayesi əməkdaşlığı və diplomatik koordinasiya bu münasibətlərin əsas sütunlarını təşkil edir",- deyə deputat bildirib.
N. Aslanov əlavə edib ki, Azərbaycan-Türkiyə əlaqələri tarixi qardaşlıqdan strateji müttəfiqliyə doğru inkişaf edən, zamanın sınaqlarından çıxmış və gələcəyə yönəlmiş bir model kimi çıxış edir. Şuşa Bəyannaməsi isə bu münasibətlərin həm hüquqi, həm də siyasi zirvəsi olaraq iki dövlətin ortaq iradəsini və vahid strateji baxışını təsdiqləyir.