Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb
Ankara, 10 iyun, AZƏRTAC
Türkiyənin Nevşehir vilayətində Azərbaycanın Müstəqillik Gününə və Milli Qurtuluş Gününə həsr olunmuş fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “Güray” yeraltı keramika muzeyində keçirilən tədbir Azərbaycanın Ankaradakı səfirliyi, “EkoAvrasya” Fondu və Ankarada yerləşən Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Assosiasiyası (TÜRKSİT) tərəfindən təşkil olunub.
Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Fizuli Məcidli, TÜRKSİT-in rəhbəri Kemal Kurnaz, “EkoAvrasiya” Fondu İdarə Heyətinin sədri Hikmet Eren, Avanos rayonu administrasiyasının başçısı Osman Bilici və başqaları iştirak ediblər.
Açılış mərasimində çıxış edən F. Məcidli Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin hər gün möhkəmləndiyini qeyd edib. “Tarix boyu bu iki qardaş ölkə “Bir millət, iki dövlət” əhdini təcəssüm etdirib. Bu gün Kapadokiyanın unikal atmosferində nümayiş etdirilən fotoşəkillər sadəcə vizual görüntülər deyil, həm də iki ölkənin ortaq talelərinin, xalqlarının həm sevincdə, həm də kədərdə birliyinin rəmzidir”, - deyə Azərbaycan diplomatı bildirib.
Səfirliyin müşaviri Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın güclü təməlinin qoyulmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rolunu vurğulayıb. “Müasir Azərbaycan dövlətçiliyinin memarının irsi bu gün də yolumuzu işıqlandırmaqda davam edir”, - deyə o qeyd edib.
TÜRKSİT rəhbəri Kemal Kurnaz iki qardaş ölkəni birləşdirən tarixi əlaqələrə diqqət çəkib. “1918-ci ildə alovlanan müstəqillik məşəli 1991-ci ildə yenilənmiş bir güclə alovlandı. Belə ki, 44 günlük müharibədə qazanılan Qələbə təkcə Bakı üçün deyil, həm də Ankara, İstanbul və bütün Türk dünyası üçün sevinc və qürur mənbəyi olaraq qalır. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə kədərimizdir. Bu sərgi birliyimizin daha bir xatırlatmasıdır”, - deyə o vurğulayıb.
Bir həftə davam edəcək sərgidə ölkəmizdə dövlətçiliyin inkişafı mərhələlərini, Ulu Öndər Heydər Əliyevin fəaliyyətini və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın nailiyyətlərini əks etdirən fotoşəkillər nümayiş olunur.