Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib
Balakən, 10 iyun, AZƏRTAC
Balakəndə kənd təsərrüfatı sektorunun inkişafı məsələlərinə dair müzakirələr aparılıb. Müşavirədə rayon rəhbərliyi, icra hakimiyyətinin məsul əməkdaşları, fermerlər, sahibkarlar və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev çıxışında Prezident İlham Əliyevin sədrliyi ilə mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərin ölkəmizdə aqrar sahənin inkişafına dövlət səviyyəsində verilən önəmin növbəti göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, aqrar sahədə məhsuldarlığın daha da artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının gücləndirilməsi məqsədilə Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflər və icra olunacaq yeni proqramlar sayəsində kənd təsərrüfatı sahəsində dayanıqlı inkişaf daha da sürətlənəcək, regionların iqtisadi potensialı genişlənəcək və Azərbaycanın ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcək.
Rayon icra hakimiyyəti başçısının müavini Turan Dibirov iştirakçılara Dövlət Proqramının mahiyyəti, qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur.
Sonra fermerlərin mövcud problemləri və onları narahat edən məsələlər dinlənilib. Eyni zamanda, müşavirədə rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişafı, fermerlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Aqrar sahədə qarşıya qoyulan vəzifələrdən, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərdən bəhs edilib.
Müxbir - Rasim İslamoğlu