AMEA Yer Elmləri Bölməsinin iclasında aktual məsələlər müzakirə olunmuşdur
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində akademiyanın Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iclasda YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. F.Qədirov rəyasət heyətinin bu il sentyabrın 18-də keçirilmiş iclasında AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərarların qəbul edildiyini, akademiyanın elmi bölmə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq komissiyaya təqdim etmələri tapşırıldığını bildirmişdir. YEB-in akademik-katibi yubileylə bağlı 2015-ci ilin mart ayında “AMEA Xəbərlər” jurnalında (Yer elmləri seriyası) “AMEA-nın 70 illiyi qarşısında” rubrikasının açılması, YEB-in görkəmli alimlərinin elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı nəşrlərin hazırlanması, “AMEA Xəbərləri”nin 2015-ci ildə birinci nömrəsinin “Yubiley nömrəsi” adı altında dərc edilməsi, KİV-də Yer elmlərinin inkişafında rolu olmuş görkəmli şəxsiyyətlər və əldə edilmiş nailiyyətlər barədə məqalə və məruzələrin dərci, Yer elmləri sahəsində beynəlxalq konfrans və simpoziumların təşkilinin həlli vacib məsələlərdən olduğunu diqqətə çatdırmışdır.
İclasda AMEA-nın 70 illik yubileyinin keçirilməsi planına, YEB-in strukturunda 2013-2020-ci illərdə müasirləşməyə dair rəy və təkliflər irəli sürülmüş, 2014-cü ildə AMEA-nın Rəyasət Heyətinin iclaslarına bölmə tərəfindən təqdim olunacaq elmi məruzələr müzakirə olunmuşdur.
Sonda bir sıra kadr məsələlərinə də baxılmışdır.