AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır
Bakı, 17 iyun, AZƏRTAC
İqtisadi sabitliyin əsas təminatçısı və iqtisadi inkişafın ən mühüm mənbəyi etimadın artırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) təşkil etdiyi “İslam maliyyəsi vasitəsilə davamlı tərəqqiyə nail olmaq” mövzusunda İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumda çıxışı zamanı deyib.
“Niyə etimad vacibdir? İstər böyük iqtisadiyyatlarda, istərsə də monetar sistemə əsaslanan iqtisadiyyatlarda etimad həlledici rol oynayır. Eyni zamanda, kapitalın necə bölüşdürüldüyü, necə optimallaşdırıldığı və hazırda hansı maliyyə resurslarına malik olduğumuz da böyük əhəmiyyət daşıyır. Bizim fiskal resurslarımız, yerli özəl sektor resurslarımız və beynəlxalq maliyyə resurslarımız var. Mərkəzi Bank maliyyə sisteminin dayanıqlığını təmin etdikdə, özəl sektorun maliyyə mənbələri də hərəkətə gətirilir. Rəqəmlərə baxsaq görərik ki, son üç ildə bank sektorunun maliyyə imkanları iqtisadiyyatın ehtiyaclarının yarısından çoxunu qarşılaya biləcək səviyyədə olub. Kapital adekvatlığı göstəricisi təxminən 18 faiz təşkil edir ki, bu da tələb olunan minimum səviyyədən təxminən 50 faiz yüksəkdir. Bu isə maliyyə sektorunun iqtisadi inkişafı dəstəkləmək gücünə malik olduğunu göstərir. Hazırda iqtisadiyyata yönəldilə biləcək təxminən 20 milyard manat həcmində risksiz aktivlər mövcuddur”, - deyə o qeyd edib.
Baş direktor bildirib ki, son üç ildə kreditlərin artım tempi iqtisadi artımı üstələyib: “Bu da maliyyə sektorunun iqtisadi inkişafı dəstəkləməyə hazır olduğunu göstərən mühüm göstəricidir. Digər mühüm maliyyə mənbəyi isə investisiya kapitalıdır. Beynəlxalq kapital yalnız valyutaya, monetar siyasətə və həmin siyasətin şəffaf kommunikasiyasına etimad olduğu halda ölkəyə daxil olur. İnflyasiya göstəricilərinə baxsaq, son üç ildə inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda – təxminən ±2 faiz çərçivəsində saxlanılıb. Əsas inflyasiya göstəricilərinin də növbəti iki ildə idarəolunan səviyyədə qalacağı proqnozlaşdırılır. Məhz bu yolla biz iqtisadi inkişafı dəstəkləyirik”.
Fotoqraf - Orxan Kərimov