Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb
Bakı, 17 iyun, AZƏRTAC
Yer səthinin 77,6 faizi son 30 ildə əvvəlki 30 illik dövrlə müqayisədə quraqlaşıb ki, bu da quraqlığın qlobal miqyasda daha ciddi problemə çevrildiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının ətraf mühit nazirinin müavini Osama Fqeeha İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “COP17 çərçivəsində Ər-Riyad Qlobal Quraqlığa Dayanıqlılıq Tərəfdaşlığının həyata keçirilməsi” adlı sessiyada onlayn formatda çıxışı zamanı deyib.
O bildirib ki, torpaq deqradasiyası ilə quraqlıq arasında birbaşa əlaqə mövcuddur və son onilliklərdə quraqlıqların həm tezliyi, həm də intensivliyi artıb.
“Quraqlıq artıq təkcə ayrı-ayrı regionların problemi deyil və qlobal xarakter daşıyır. Hazırda dünya əhalisinin dörddəbiri quraqlığın təsirlərinə məruz qalır və 2050-ci ilədək bu göstəricinin üçdəbirə çatacağı proqnozlaşdırılır”,- deyə o diqqətə çatdırıb.
Osama Fqeeha əlavə edib ki, Ər-Riyad Qlobal Quraqlığa Dayanıqlılıq Tərəfdaşlığı quraqlığa reaksiya verməkdən daha çox onun təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsini hədəfləyir: “Bu təşəbbüs çərçivəsində əsas diqqət aşağıgəlirli inkişaf etməkdə olan ölkələrə yönəldilir. Hazırda quraqlıqdan zərər çəkən 1,8 milyard insanın 85 faizi məhz bu ölkələrdə yaşayır”.