İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir
Bakı, 17 iyun, AZƏRTAC
Quraqlığın təsirlərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal maliyyə dəstəyinin artırılması zəruridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankının (İİB) Qlobal Təcrübə və Tərəfdaşlıqlar Departamentinin Baş direktoru Issa Faye İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “COP17 çərçivəsində Ər-Riyad Qlobal Quraqlığa Dayanıqlılıq Tərəfdaşlığının (RGDRP) icrasına dair tədbirlər” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə dünyanın müxtəlif bölgələri, xüsusilə Afrika qitəsi uzunmüddətli quraqlıqlar və ekstremal yağıntılarla üzləşib ki, bu da ərzaq təhlükəsizliyinə, insanların yaşayışına və iqtisadi inkişafa ciddi təsir göstərir.
“Bu çağırışların aradan qaldırılması üçün əlaqələndirilmiş beynəlxalq fəaliyyətə, genişmiqyaslı maliyyələşməyə və tərəfdaşlıqların gücləndirilməsinə ehtiyac var. Ər-Riyad Qlobal Quraqlığa Dayanıqlılıq Tərəfdaşlığı çərçivəsində Səudiyyə Ərəbistanı hökuməti təşəbbüsün dəstəklənməsi üçün 10 il ərzində 150 milyon dollar ayıracağını açıqlayıb. Quraqlığa qarşı həssas 74 ölkəyə texniki, maliyyə və bilik dəstəyinin göstərilməsi nəzərdə tutulur”,- deyə o qeyd edib.
İİB rəsmisi vurğulayıb ki, quraqlığa qarşı mübarizədə bilik mübadiləsi, institusional əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıqlar qlobal dayanıqlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.