Amerikalı gimnast: Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yüksək səviyyədə təşkil olunub
Bakı, 12 fevral, AZƏRTAC
Bu, mənim Bakıya artıq beşinci səfərimdir. Burada hər şey mənə doğma və tanışdır. Yarışın təşkili əladır. Nəqliyyat, idmançıların yerləşdirilməsi, kuboka ev sahibliyi - hər şey yüksək səviyyədədir.
Bu barədə AZƏRTAC-a amerikalı gimnast, Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarının iştirakçısı Kodi Gesuelli bildirib.
Təsnifat mərhələsindəki çıxışından razı qaldığını deyən gimnast qeyd edib: “Hər şey yaxşı oldu. Ümumiyyətlə, komandamız yarışlara yaxşı köklənib".
Qeyd edək ki, batut gimnastikası üzrə dünya kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında, ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.