ANAMA-nın mütəxəssisləri Bərdə rayonunda qumbaralar və patronlar aşkarlayıblar
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da saat 11:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 12:08-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə şəhərində, Həzi Aslanov küçəsində yerləşən ikimərtəbəli binanın zirzəmisindən üç ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Bərdə Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
ANAMA-nın mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində beş ədəd F-1 əl qumbarası (partladıcısız) və müxtəlif çaplı 31 patron (28 ədəd 7,62 millimetrlik və 3 ədəd 5,45 millimetrlik) aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaraların və patronların ətrafında 104 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.