İQTİSADİYYAT
Anar Quliyev: Biz həm Azərbaycanın gördüyü işləri göstərmək, həm də dünya ölkələrinin təcrübəsini öyrənmək imkanı əldə etmişik

Zəngilan, 29 sentyabr, A.Yavərzadə, AZƏRTAC
Bu gün biz Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun açılışında iştirak etdik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq ikinci ildir bu tədbiri ənənəvi olaraq BMT-nin Məskunlaşma Proqramı ilə birgə təşkil edir və kifayət qədər uğurlu təşəbbüsdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
O deyib: “Ötən il Ağdam şəhərində, bu il isə Zəngilandayıq. Zəngilanda reallaşdırılmış layihələrin də şahidiyik. Zəngilan şəhərində Konqres Mərkəzi ilk qonaqlarını qarşılayır. Bu, Zəngilanda reallaşdırılmış ilk layihələrdən biridir. Ötən ildən fərqli olaraq tədbir 3 gün davam edəcək. İştirakçıların da sayı artmaqdadır. Əgər keçən il 45 ölkədən nümayəndə gəlmişdisə, bu il 53 ölkədən təmsilçi var. Biz həm azad edilmiş ərazilərdə Azərbaycanın şəhərsalma sahəsində gördüyü işləri göstərmək, həm də dünya ölkələrinin təcrübəsini öyrənmək və tətbiq etmək imkanı əldə etmişik”.
Komitə sədri, həmçinin nəzərə çatdırıb ki, hazırda sonuncu - Laçın şəhərinin Baş planı üzərində iş gedir. Bir sıra kəndlərin əksəriyyətinin ərazi planlaşdırma sənədləri hazırlanır və təsdiq olunur.