Lənkəranda Ümummilli Liderin anadan olmasının 101 illiyi münasibətilə elmi seminar keçirilib
Bakı, 14 may, AZƏRTAC
AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş növbəti elmi seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Onlar daha sonra Lənkəran REM-nin foyesində 44 günlük Vətən müharibəsində AMEA-nın ilk şəhidi, Mərkəzin əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin xatirə guşəsinin önünə güllər qoyublar.
Tədbirdə çıxış edən REM-in direktoru Mehman Əliyev Ulu Öndərin 101 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən söz açıb. Bildirib ki, Lənkəran Regional Elmi Mərkəzində təşkil edilən tədbirlər çərçivəsində, həmçinin Ulu Öndərin irsi öyrənilir.
Elmi seminarda Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov, psixoloq Elnur Rüstəmov, Lənkəran REM-nin əməkdaşı Fəranə Mikayılova, “Lənkəran-Audit” MMC-nin direktoru Fəhrəddin Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü böyük işlərə geniş nəzər salınıb. Vurğulanıb ki, Ümummilli Liderin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan bu gün dünya birliyində öz sözünü açıq, sərrast şəkildə deyir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycan xalqının milli qüruru bərpa oldu.
Həmçinin qeyd olunub ki, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya daha yaxından tanıdılması üçün ən yaxşı platforma rolunu oynayacaq.